Ukraynanın Rusiyadakı səfirliyi yumurta atəşinə tutulub
Ukraynanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu addım Kiyevdə Rusiya səfirliyinə edilən hücuma cavab olaraq atılıb. Aksiyaya toplaşan 150 nəfərədək şəxs Ukrayna səfirliyinin binasını yumurta atəşinə tutub. Əllərində Rusiya bayraqları olan etirazçı kütlə “Kiyev xuntası məğlub olacaq”, “Ukrayna - sən xəstəsən. Özünə gəl, gör nə edirsən!”, “Diplomatlarımızdan əl çək!” kimi şüarlar səsləndiriblər. Moskva polisi Ukrayna səfirliyinin binası ətrafında təhlükəsizlik tədbirlərin gücləndirib. Qeyd edək ki, martın 5-dən 6-na keçən gecə Rusiyanın Ukraynadakı səfirliyi naməlum şəxslərin hücumuna məruz qalıb. Kiyev Şəhər Baş Milli Polis İdarəsinin yaydığı açıqlamada bildirilib ki, əllərində məşəl olan 10-dək şəxs səfirliyə məxsus avtomobillərə ziyan vurub. Nəticədə üç avtomobilə ziyan dəyib, şüşələri və güzgüləri sındırılıb. Hadisə yerindən çəkic götürülüb. “YouTube” sosial şəbəkəsində yayılmış videodan aydın olur ki, səfirliyə hücum edənlər Ukrayna Hərbi Hava Qüvvələrinin zabiti, hazırda Rusiyada həbsdə olan Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər. Artıq Rusiyanın Kiyevdəki səfirliyi baş verənlərlə bağlı Ukrayna Xarici İçlər Nazirliyinə etiraz notası verib.

Xəbər 844 dəfə oxundu.