Perunun “El Peruano“ qəzetində “Azərbaycana qarşı təcavüz” adlı məqalə dərc edilib
Perunun ən nüfuzlu qəzetlərindən biri olan “El Peruano“ qəzetində Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda son hadisələrə dair “Azərbaycana qarşı təcavüz” adlı məqalə dərc edilib. Azərbaycanın Meksikadakı səfirliyinin Limadakı ofisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqalədə Ermənistan tərəfindən bu il aprelin 2-də atəşkəs rejiminin 127 dəfə pozulduğundan və beləliklə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirdiyindən bəhs olunur. Ermənistanın bu hərəkətinə cavab olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorunması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin lazımi tədbirlər gördüyü qeyd olunur. Məqalədə atəşkəsin pozulması ilə vəziyyətin gərginləşməsi nəticəsində hərbçi və mülki şəxslərin həlak olduğu, fərdi mülkiyyətə xeyli ziyan dəydiyi göstərilib. Yazıda Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının beynəlxalq sənədlərlə təsbit edildiyi qeyd olunur və münaqişənin həlli üçün başlıca prinsiplərin əks olunduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı, həmçinin BMT Baş Assambleyası">BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələrinə işarə vurulur. Məqalədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalının problemin həllinə kömək etmədiyi, işğala son qoyulmasının regiondakı ölkələrə və xalqlara əməkdaşlıq perspektivlərindən və iqtisadi inkişafdan faydalanmaq imkanı verəcəyi bildirilir.

Xəbər 1051 dəfə oxundu.