Lənkəranda kütləvi zəhərlənmənin səbəbi məlum olub
Səhiyyə Nazirliyi Lənkəranda baş vermiş kütləvi zəhərlənmənin səbəblərini açıqlayıb. Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya bildirib ki, zəhərlənmə suyun çirklənməsi nəticəsində baş verib. O deyib ki, Lənkəran rayonunun Daştatük kəndindəki su mənbəyi olan bulaqdan götürülmüş nümunələrdə “salmonellyoz” mikrobu (salmonellaların törətdiyi kəskin bağırsaq infeksiyası) aşkarlanıb: “Xəstələrdən götürülmüş qusuntu, nəcis nümunələrinin nəticələri hələlik tam açıqlanmayıb. Lakin buna baxmayaraq, biz böyük ehtimalla “salmonollyoz”un üzərində dayanırıq. “Salmonellyoz” mikrobu əsasən su quşlarından, qazdan, ördəkdən daha çox keçir. Bu, təhlükəli xəstəlikdir. Mikrob alimin adını daşıyır. Zəhərlənən uşaqlarda olan əlamətlərə əsasən infeksionistlər də ilk olaraq bu ehtimalın üzərində dayanırlar. Biz hər iki bulaqdan nümunə götürə bilmişdik. Köhnə bulağın nəticələri tər-təmiz çıxdı. Amma sonradan qoşulan bulaqdan və hər ikisinin qarışığı olan sudan “salmonellyoz” aşkarlandı. Yüzdə-yüz bu bulağın problemidir. Bulaq açıq olub, ora da meşədir, quşlar var. Onlar həmin bulaqdan su içir. Hər halda bulaq çirklənmiş mənbə olub. Oradan istifadə etmək olmaz. Kənd yeri olduğundan kimsə su xəttini özbaşına ora qoşub, sonra da möhkəm yağış yağıb. Çirkabla dolub, sakinlər də başqa su mənbələri olmadığına görə bundan istifadə edib. Sudan çox kəskin iy gəlirdi”. İ. Abdullayev qeyd edib ki, faktla bağlı aidiyyəti qurumlara müraciət edilib, ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, Lənkəranın Daştatük kəndində kütləvi zəhərlənmə baş verib. Sentyabrın 5-də kənddən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər müraciət edib. Onların əksəriyyəti uşaqdır. İlkin müayinələrdən sonra zəhərlənmə hadisəsinin kənddəki içməli su mənbəyinin digər bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. Bu məqsədlə həmin su mənbəyindən nümunələr götürülərək Bakıya göndərilib.

Xəbər 849 dəfə oxundu.