Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
Elektron xidmətə keçid qarşısı alınmaz bir prosesdir və bu proses sürətlə həyata keçirilir. Bu gün demək olar ki, bütün dövlət qurumlarının internet portalı mövcuddur.
Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayı və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Bəs dövlət qurumlarının internet resursları vətəndaşlara göstərilən bu xidmətləri layiqincə yerinə yetirə bilirlərmi?
Aparılan monitorinqin nəticəsində bəlli olur ki, dövlət orqanları içərisində ən operativ fəaliyyət göstərən elektron resurs Azərbaycan Respublikası Prezidentinin rəsmi saytıdır. (www.president.az) Bu sayt ölkə başçısının səfərləri, görüşləri, verdiyi Fərman, Sərəncam, Əmr və göstərişlər barədə vətəndaşlara operativ məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet resursu (www.asan.gov.az) vətəndaşların bu xidmətlə bağlı rahatlığını təmin etmək üçün ən yaxşı formada fəaliyyət göstərir. Sayta daxil olan kimi açılan menyu panellərində elektron müraciət və digər xidmətlərlə bağlı ətraflı izaha rast gəlmək olar.
Azərbaycan Respublikası Milli Məclisinin rəsmi saytı olan www.meclis.gov.az portalında parlamentdə keçirilən iclaslar, qəbul edilən qərarlar, qanunlara edilən əlavə və dəyişikliklər, o cümlədən parlamentin xarici əlaqələri ilə bağlı mütəmadi olaraq informasiyalar yerləşdirilir.
Nazirlər Kabinetinin (www.cabmin.gov.az) və Xarici İşlər Nazirliyinin (www.mfa.gov.az) rəsmi elektron portallarında da gündəlik informasiya yenilənmələrinin şahidi oluruq.
Aparılan araşdırmaların nəticəsi kimi qeyd edə bilərik ki, Azərbaycanın hüquq mühafizə orqanları vətəndaşlara baş vermiş hadisələrlə bağlı operativ şəkildə məlumatlar təqdim edirlər. Bu baxımdan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəsmi saytları xüsusilə fərqlənirlər. Belə ki, bu qurumların elektron portalları olan www.mia.gov.az və www.genprosecutor.gov.az saytlarında mütəmadi olaraq məlumatlar yenilənir, cəmiyyətə operativ informasiyalar çatdırılır.
Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az), Dövlət Gömrük Komitəsinin (www.customs.gov.az) saytları da operativ fəaliyyət göstərməkdədirlər.
Ədliyyə Nazirliyinin (www.justice.gov.az) və Dövlət Təhlükəsizliyi Xidmətinin (www.dtx.gov.az) saytlarında vətəndaşların informasiya əldə etməsi və elektron müraciət qaydaları ilə bağlı geniş məlumat verilib.
Cəbhədə vəziyyətin hər an gərginləşə biləcəyi ehtimalını nəzərə alsaq, insanların ən çox daxil olduğu saytardan birinin Müdafiə Nazirliyinin rəsmi elektron portalı (mod.gov.az) olduğunu deyə bilərik. Sayt yeni dizaynda tərtib olunduqdan sonra xeyli təqdir toplayıb. Portalda cəbhədə baş verən ən son hadisələrlə bağlı gündəlik dolğun məlumatlar yerləşdirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron resursu olan www.seferberlik.gov.az saytının elektron müraciət bölməsindən istifadə etməklə hərbi xidmətə çağırışla bağlı istənilən suala cavab tapmaq mümkündür.
Vergilər Nazirliyinin rəsmi portalı olan www.taxes.gov.az saytı dizayn və vətəndaşlara göstərdiyi keyfiyyətli xidmətə görə seçilən saytlardandır. Bu saytda digər qurumların rəsmi portallarından fərqli olaraq "elektron bələdçi” xidməti də fəaliyyət göstərir. Saytda məlumatlar Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
İqtisadiyyat və Maliyyə Nazirliklərində gündəlik informasiyalar yerləşdirilsə də, ikincinin elektron poçt adresinin olmaması diqqətdən kənarda qalmadı.
Konstitusiya Məhkəməsinin rəsmi saytında (www.constcourt.gov.az) vətəndaşların onlayn qaydada müraciəti üçün rahat şərait mövcuddur. Sayt 3 dildə yayımlanır və mütəmadi olaraq məlumatlar yayımlanır.
Ali Məhkəmənin saytı (www.supremecourt.gov.az) da 3 dildə yayımlanır və vətəndaşı maraqlandıran istənilən sualla bağlı quruma onlayn qaydada müraciət etmək mümkündür.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında (www.mct.gov.az) gündəlik informasiyalar yerləşdirilsə də, vətəndaşın müraciət etməsi üçün saytın "e-xidmətlər” bölməsi aktiv deyil.
Mütəmadi olaraq statistik məlumatları hazırlayıb cəmiyyətə təqdim edən Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytı iki dildə (Azərbaycan və ingilis) fəaliyyət göstərir. Sayta daxil olan hər bir vətəndaş müvafiq bölmələrə daxil olaraq qurumun fəaliyyəti ilə bağlı istədiyi məlumatı rahatca əldə edə bilər. İstənilən statistik nəticəni əldə etmək üçün müvafiq bölməni seçmək kifayətdir.
İnsanların ən çox müraciət etdiyi qurumlardan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az saytında vətəndaşların informasiya əldə etməsi üçün hər cür rahatlıq təmin olunub. Bəzi qurumların rəsmi portalları kimi bu sayt da hər gün materiallar ingilis dilinə tərcümə edilir.
Sosial ödənişlərlə bağlı tez-tez müraciət olunan digər qurum - Dövlət Sosial Müdafiə Fondu da elektron qaydada vətəndaşlara uğurlu xidmət göstərməkdədir. Fondun rəsmi elektron portalı www.sspf.gov.az saytında vətəndaşlar yenilənmiş məlumatlarla tanış ola bilərlər.
Energetika Nazirliyinin www.minenergy.gov.az saytında onlayn müraciət xidməti mövcud olsa da, "e-qəbul” bölməsi nədənsə aktiv deyil.
Ən aktiv elektron portala sahib dövlət qurumlarından biri Dövlət Neft Şirkətidir. Günün istənilən vaxtı www.socar.gov.az saytında yeni məlumatlarla qarşılaşmaq mümkkündür.
Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az saytının dizayn baxımından elə də ürəkaçan deyil. Belə ki, vətəndaşın lazımi informasiyanı əldə etməsi üçün sayt daxilində bir müddət gəzişməsi tələb olunur. Nazirliklə əlaqə bölməsini tapmaq üçün xeyli vaxt gedir.
Son dövrlər daima diqqət mərkəzində olan Mərkəzi Bankın rəsmi internet resursunda (www.cbar.az) müəyyən qüsurların olduğu nəzərimizdən qaçmadı. Saytın tərtibatındakı çatışmazlıqlar, xüsusən də vətəndaşların müraciəti ilə bağlı ayrıca bölmənin olmaması əsas problemlərdəndir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın rəsmi elektron portal olan www.antikorrupsiya.gov.az saytında sonuncu xəbər yenilənməsi fevral ayının 22-ə təsadüf edir. Saytda komissiyanın fəaliyyəti və quruma müraciətlə bağlı ətraflı məlumat yerləşdirilib.
Ləman Hüzeynzadə
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 9911 dəfə oxundu.