Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
İcra hakimiyyətlərinin internet resursları sakinlərin daha çox müraciət etdiyi suallara cavab verməlidirlər
Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması, mövcud elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə istifadəçilərə təqdim olunan məlumatların tamlığı, həqiqiliyi, aktuallığı, təhlükəsizliyi və operativliyi əsas şərtlərdən biridir. Dövlət qurumları bu prinsiplərə əməl edərək elektron resursları vasitəsilə vətəndaşlara lazımı informasiya verməyə borcludurlar. Bakı şəhərinin 12 inzibati rayonunun aid olduğu İcra Hakimiyyəti orqanlarının may ayı üzrə aparılan monitorinqinin nəticələrindən bəlli olur ki, vətəndaşlar üçün məlumatlar internet resurslar üzərindən operativ şəkildə çatdırılır. Lakin aprel ayında olduğu kimi may ayında da passivliyi ilə diqqət çəkən icra orqanları var. Digər tərəfdən yerli İcra hakimiyyətləri bu elektron resurslardan yalnız keçirdiyi tədbirləri, görüşləri yaymaqla kifayətlənirlər. Əlbəttə, bu da konkret ərazidə yaşayan sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələrini artırır, amma yetərli də deyil. Çox yaxşı olardı ki, bu internet resurslarının geniş imkanlarından istifadə edərək sakinlərin daha çox müraciət etdiyi suallara cavablar verilsin.
Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi internet resursu (binegedi-ih.gov.az) may ayı üzrə də liderliyi qoruyub saxlamaqdadır. Qurumun internet ünvanı ən çox xəbər yerləşdirən, vətəndaşları daha operativ şəkildə məlumatlandıran xidmət sahəsi kimi qiymətləndirilib. Sayta ötən ay 59 xəbər yerləşdirib ki, onların da tərkibində görüş və iclaslar, həmçinin əlamətdar günlərə həsr olunan tədbirlərin keçirilməsi, məktəblərdə görüşlərin təşkili yer alır. Sayta baxış zamanı məlum olur ki, İcra Hakimiyyəti mütəmadi olaraq vətəndaşlara xidmət göstərir.
Xətai rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanı olan (khatai-ih.gov.az) isə ötən ay aprel ayı ilə müqayisədə daha çox xəbər yerləşdirib. Qurumun saytında may ayı üzrə 52 xəbər yer alır. İcra orqanı məktəblərdə keçirilən görüşlər, İcra Hakimiyyətində vətəndaşların qəbulunun təşkil edilməsi, Heydər Əliyev adına liseydə Ümummilli Liderin anadan olmasının 94 illiyi münasibətilə keçirilən tədbirlə bağlı məlumatlar yayıb.
Nəsimi rayon İcra Hakimiyyətinin internet ünvanında (nesimi-ih.gov.az) xəbərlər bölümündə ötən ay 27 xəbər yerləşdirilib. İnternet resursda rayonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə yeni parkın istifadəyə verilməsi, ayın əlamətdar günlərinə həsr olunmuş tədbirlər və s. kimi məlumatlar verilib.
Qaradağ rayon İcra Hakimiyyətinin rəsmi internet saytı olan qaradagh.gov.az isə vətəndaşlara davamlı olaraq rayonla bağlı informasiyalar ötürür. Sayt may ayında 14 xəbər yerləşdirib ki, onların da əsasını 28 May - Respublika günü münasibəti ilə keçirilən tədbir və ay üzrə əlamətdar günlərin təşkil edilməsi əhatə edir.
Pirallahı rayon İcra Hakimiyyətinin internet ünvanında (pirallahi-ih.gov.az) ötən ay üzrə 14 xəbər yerləşdirilib. Xəbərlərdə digər saytlarda rastlaşmadığımız məqam var ki, o da may ayında işğal olunan Laçın və Şuşanın ildönümü ilə bağlı məlumatın verilməsidir.
Səbail rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanı olan sabail-ih.gov.az da yenilənən internet resurslarındandır. Burada ötən ay 12 xəbər yerləşdirilib, onların əsasını rayonda keçirilən iməciliklər, konfranslar, iclaslar və s. təşkil edir.
Nizami rayon İcra Hakimiyyətinin internet resursu da (nizami-ih.gov.az) may ayı üzrə 11 xəbər yerləşdirilib. Yerləşdirilən məlumatlardan aydın olur ki, rayonda faşizm üzərində Qələbənin 72 illiyinə həsr olunan tədbir, ağacəkmə kampaniyası, 28 may - Respublika Günü münasibətilə təşkil olunan görüş və s. bu kimi tədbirlər keçirilib.
Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet saytında (yasamal-ih.gov.az) ötən ay üzrə 8 xəbər yerləşdirilib. Burada qurumun keçirdiyi tədbir, görüş və iclaslar yer almaqdadır. Həmçinin rayonun 150 nömrəli tam orta məktəbinin adını daşıdığı şəhid Faiq Rzayevin doğum gününün qeyd edilməsi ilə bağlı məlumat yayımlanıb.
Sabunçu rayon İcra Hakimiyyəti də öz internet resursunu (sabunchu-ih.gov.az) may ayı üzrə qismən yeniləyərək 8 xəbər yerləşdirib. Monitorinq aprel ayı üzrə bu internet ünvanı daha operativ hesab edir.
Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi internet saytı (narimanov-ih.gov.az) ötən ay üzrə cəmi 7 xəbər yerləşdirib. Burada 28 May Respublika günü ilə əlaqədar keçirilən görüşlər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə dekorativ güllər əkilməsinin təşkili kimi məlumatlar verilib.
Suraxanı rayon İcra Hakimiyyəti rəsmi internet ünvanında (surakhani-ih.gov.az) 7 xəbər yerləşdirərək ötən ay üzrə internet resursun yenilənməsini təmin edib. Bu qurum da aprel ayı ilə müqaisədə geriləmə müşahidə olunur.
Xəzər rayon İcra Hakimiyyətinin internet resursunda (xazar-ih.gov.az) may ayına olan xəbər yerləşdirməsinin sayının 1 olması diqqət çəkən məqamlardandır. May ayı üzrə icra orqanının gördüyü işlər barədə isə heç bir məlumat yoxdur. Bu isə onu deməyə əsas verir ki, saytda vətəndaşlar üçün lazımı dərəcədə xidmət göstərilmir.
Bakı şəhəri İcra Hakimiyyətinin rəsmi internet ünvanı (baku-ih.gov.az) isə vətəndaşların gözündə aprel ayında olduğu kimi yenə də eyni mənzərəni canlandırır. Belə ki, burada internet resursun son yenilənmə tarixi nə az, nə çox, düz iki il bundan əvvəli əhatə edir. İcra Hakimiyyəti 2015-ci ilin may ayından etibarən saytında xəbərlər yerləşdirmir. Bundan əlavə, həmin müddətə qədər olan məlumatlar hər ilə 2-3 xəbərin verilməsi ilə yenilənib.
Ləman Hüzeynzadə
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində

Xəbər 7458 dəfə oxundu.