Nazir müavini: “Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır“
"Hazırda Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən biri elmi potensialın qorunub saxlanması və gənc elmi kadrların inkişafıdır".
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Mətin Eynullayev deyib. O bildirib ki, bu gün müasir dünyada aparıcı dövlətlər arasında kəskin mübarizə və rəqabət var: "Bu, son dövrlərdə məhz beyin və zəka uğrunda mübarizəyə çevrilib. Bir çox ölkələr yüksək bilikli, savadlı peşəkarların, alimlərin öz ölkələrindən mühacirətini təşviq edirlər. Buna aparıcı ali təhsil müəssisələri və yerli transmilli koorporasiyaları da cəlb edirlər. Belə bir vəziyyətdə bu gün Azərbaycanın qarşısında duran ən mühüm vəzifə perspektivli alimləri burada saxlamaqla, onların layiqli həyat şəraitini, elmi fəaliyyəti üçün bütün şərtləri təmin etməkdir”.
Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi hər zaman elmin dəstəklənməsinə, elmi layihələrin inkişafına böyük diqqət yetirir. M. Eynullayevin sözlərinə görə, nazirlik olaraq həm ali təhsil müəssisələrinin bu istiqamətdə fəaliyyətinin dəstəklənməsi, həm istənilən səviyyədə hüquqi bazanın yaradılması, həm də xaricdə dövlət proqramı çərçivəsində təhsil almağa göndərilən gənclər arasında elmi kadrların - magistratura, doktorantura, rezidenturada təhsil alan gənclərin üstünlük təşkil etməsinə diqqət yetirilir: "Məlumdur ki, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində 3558 təqaüdün 63%-i magistratura, doktorantura və rezidentura səviyyəsinə ayrılıb. Onların bir çoxu artıq respublikaya qayıdaraq dövlət və özəl sektorda öz xidmətlərini göstərirlər”.

Xəbər 1164 dəfə oxundu.