Yol təhlükəsizliyi mövzusunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi tərəfindən yol təhlükəsizliyi mövzusunda Bakı məktəbliləri arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. BMM.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi AMAK tərəfindən icra olunan “Yol təhlükəsizliyi məktəblilərin obyektivində” mövzusunda maarifləndirici müsabiqələrin keçirilməsi layihəsi çərçivəsində baş tutub.
Layihənin məqsəd və vəzifələri, o cümlədən layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verən layihə qrupunun rəhbəri Azər Allahverənov bildirib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə sıx əməkdaşlıq şəraitində keçirilən müsabiqənin məqsədi Bakı şəhərində fəaliyyət göstərən orta təhsil müəssisələrində təhsil alan yaradıcı yeniyetmələrin üzə çıxarılmasından ibarət olub. Bu məqsədə nail olmaq üçün sentyabr ayından başlayaraq hazırlıq işlərinə başlanıb, tərəfdaş dövlət qurumları, təhsil müəssisələri ilə danışıqlar aparılıb və müsabiqənin şərtlərini özündə ehtiva edən elan maraqlı tərəflər arasında paylanılıb. Qısa müddət ərzində AMAK-ın ofisinə 200-ə yaxın əyani vəsait, o cümlədən məktəblilərin yol təhlükəsizliyi mövzusunda hazırladıqları əl işləri, çəkdikləri video-materiallar daxil olub. Cari ilin oktyabr ayında keçirilən qiymətləndirmə zamanı “Şəkil”, “Plakat”, “Video”, “Şüar” və “Kreativ işlər” nominasiyaları üzrə qalib və fərqlənən işlər seçilib və müvafiq qaydada təltif etməyə layiq görülüblər. Hər nominasiya üzrə 1-3 yerlərə layiq görülən işlər müsabiqənin qalibləri elan olunub. Bununla yanaşı müsabiqənin qiymətləndirilməsi zamanı Münsiflər Heyəti tərəfindən həm də 4-10 yerlərlə layiq görülən işlər müəyyən edilib. Növbəti mərhələdə qalib və fərqlənən işlərin kataloqu tərtib edilərək çap olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov müsabiqənin əhəmiyyətindən danışıb. O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bu cür təbliğat xarakterli layihələri dəstəklədiyini diqqətə çatdırıb. Sonra V.Əsədov yol-nəqliyyat hadisələrinin statistikası ilə bağlı məlumat verib. O vurğulayıb ki, belə layihələrin həyata keçirilməsi yol-nəqliyyat hadisələrinin azalması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı Baş Polis İdarəsi ictimai təhlükəsizlik idarəsi yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis mayoru Kəmalə Ələkbərova təmsil etdiyi qurumun məktəblilər arasında keçirdiyi maarifləndirmə aksiyalarında və bu səpkidə təşkil olunan yol hərəkəti qaydaları ilə bağlı təbliğat işləri barədə danışıb və qeyd edib ki, yol təhlükəsizliyi mövzusunda təşkil olunan bu kimi müsabiqələrin əhəmiyyəti yüksək, təsiri isə çox güclüdür. İdarə rəsmisi bununla yanaşı həm də bildirib ki, müsabiqənin maraqlı tərəfi müxtəlif nominasiyalar üzrə yaradılan vəsaitlərin müvafiq qurumlar tərəfindən təşkil olunan təbliğat və təşviqat işlərində istifadəsinin mümkünlüyü ilə əlaqədardır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Cəfərzadə məktəblilər arasında bu kimi müsabiqələrin keçirilməsinin üstün cəhətinin tədris prosesindən ayrılmadan yaradıcı uşaqlar üçün imkanların yaradılması ilə bağlı olduğunu bildirib. Mərkəz rəhbəri uşaqlara səslənib ki, onlar bu nailiyyətləri ilə kifayətlənməməli, daima öz üzərində işləməlidirlər. K.Cəfərzadə həm də təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib ki, istedadı olan uşaqlara mümkün şərait yaratsınlar.
Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova təmsil etdiyi icra qurumunun vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etdiyini, Azərbaycan Milli Avtomobil Klubunun isə hal-hazırda yekunlaşdırmaq üzrə olduğu layihənin icrası ilə əlaqədar məmnunluq hissinin keçirdiyini bildirib. İdarənin rəsmisi çap olunan kataloqun əhəmiyyətini, keyfiyyətini və, ümumiyyətlə, layihə çərçivəsində keçirilən fəaliyyətləri yüksək qiymətləndirib.
Tədbirdə qalib və fərqlənən işlərin, xüsusilə qalib elan olunan video-çarxların vizual nümayişi təşkil olunub. Sonda müsabiqədə qalib gələn məktəblilər qiymətli hədiyyələrlə, işləri fərqlənən bütün müəlliflər diplomlarla və kataloqla təltif olunublar.

Xəbər 2354 dəfə oxundu.