“Kaspi nəşrləri” daha iki kitabı oxuculara təqdim edib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib.
BMM.az xəbər verir ki, tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab - “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr” kitabı təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov kitabda görkəmli ictimai-siyasi xadim, publisist Əlimərdan bəy Topçubaşovun “Kaspi” qəzetində çalışarkən dərc edilmiş məqalələrindən bir qisminin seçilərək dərc edildiyini qeyd edib. Bildirib ki, o, maarifçilik edir, azərbaycanlıların problemlərini unutmurdu: “Topçubaşov məqalələrində müxtəlif məsələləri qabardırdı. Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun həyatı, müxtəlif problemlər yazılarda əksini tapırdı. Qəzetdə “Qafqaz mənzərəsi” rubrikası açılmışdı”.
Ə.Amaşov onu da qeyd edib ki, Topçubaşov baş verən prosesləri dərindən analiz edirdi və yazdığı məqalələr bu gün də aktual olaraq qalır: “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabına gəlincə isə bu kitabda Azərbaycanın görkəmli dövlət qurucuları, siyasi xadimlərinin həyat və fəaliyyətlərindən bəhs olunur. Kitabın birinci fəsli ulu öndər Heydər Əliyevə həsr olunub. İkinci fəsil isə istiqlal bayrağımızı qaldıranlar barədədir. Əminəm ki, bu kitab nəinki jurnalistlərin, ürəyi Azərbaycanla döyünən hər kəsin stolüstü kitabı olacaq”.
Daha sonra çıxış edən “Kaspi nəşrləri” seriyasının rəhbəri və baş redaktoru Sona Vəliyeva kitabların maarifçilik yönündə əvəzsiz əhəmiyyətə malik olacağını deyib: “Kaspi nəşrləri” seriyası öz fəaliyyətində xalqımız üçün gərəkli olan mövzulara yer verir. İndiyə qədər bir neçə kitab nəşr edilib, lakin bu iki kitabın əhəmiyyəti bir başqa olacaq”.
S.Vəliyeva da kitabın 1-ci hissəsinin ümummilli lider Heydər Əliyevə həsr olunduğunu xatırladıb: “Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına olan münasibəti və Azərbaycanı AXC-nin varisi elan etməsi bizi kitabı bu cür tərtib etməyə sövq etdi. Heydər Əliyev 90-cı illərdə hakimiyyətə gələrək yenidən müstəqil ölkə qurdu, separatçılığın qarşısını aldı. Heydər Əliyev AXC qurucularının xaricdə olan məzarlarının tapılması, onların arxivlərinin toplanması, fəaliyyətlərinin tədqiq edilməsi istiqamətində böyük işlər görüb. AXC qurucuları Azərbaycan xalqına azadlıq ruhu ötürdülər. Bu işi ikinci dəfə ulu öndər reallaşdırdı və Azərbaycanı müstəqil dövlət kimi dünyaya tanıtdı”.
S.Vəliyeva Həsən bəy Zərdabinin Dumada çıxışlarının tərcümə olunması və nəşr edilməsinin də nəzərdə tutulduğunu bildirib: “Qoy xalqımız onun min bir çətinliklə Dumada gördüyü işlərlə tanış olsunlar”.
Professor Cahangir Məmmədli də kitabların əvəzsiz əhəmiyyətindən danışıb və onların böyük informasiya mənbəyi olduqlarını deyib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli kitabların tariximiz üçün çox əhəmiyyətli olduğunu vurğulayıb və görülən işlər üçün kitabın ərsəyə gəlməsində əməyi keçənlərə və S. Vəliyevaya təşəkkür edib.
Tədbirdə çıxış edən Tənzilə Rüstəmxanlı, Vüqar Səfərli, Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Bəhruz Quliyev və digərləri də kitabların tarixi əhəmiyyətindən danışıblar və “Kaspi nəşrləri” seriyasına rəhbərlik edənlərə təşəkkür ediblər.
Tədbirin sonunda hər il təqdim olunan “Kaspi” mükafatının builki sahibinin adı açıqlanıb. Mükafat bu il sənətşünas alim Ziyadxan Əliyevə təqdim olunub.

Xəbər 2374 dəfə oxundu.