Şabranda xalça istehsalı müəssisəsi, regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi tikilir
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı üçün yeni binanın və regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin aprel ayından tikintisinə başlanılan müəssisədə hazırda suvaq və dam örtüyünün inşası işləri aparılır. İnşa edilən istehsal müəssisəsinin ümumi sahəsi 1200 kvadratmetr olacaq.
Birmərtəbəli xalça istehsalı müəssisəsində toxuculuq zalı, emalatxana, yeməkxana, anbar, eləcə də rəssam, tibb və inzibati otaqlar yerləşəcək.
Şabranda xalçaçılıq müəssisəsi ilə yanaşı, yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də tikilir. Tədarük məntəqəsi regional xarakter daşıyacaq. Buranın imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri də bəhrələnəcəklər.
Şabranda inşa olunan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ölkəmizdə xalça istehsalının xammal bazasının təşkili üçün mühüm əhəmiyyətə malikdir. Bu cür müəssisələr Naxçıvan şəhərində, Bərdə, Qobustan və Sabirabad rayonlarında da fəaliyyətə başlayacaq. Məntəqələrə gətirilən yun Sumqayıtda tikilən Əyirici-Boyaq Fabrikində emal ediləcək.
Xalça istehsalı müəssisəsində 150 nəfər qadın işlə təmin olunacaq. Emalatxanada il ərzində təxminən 700 kvadratmetr xalça toxunması nəzərdə tutulub.
Cəmiyyətin bu il yaradılacaq xalça emalatxanalarında, tədarük məntəqələrində 2 minə yaxın insan daimi və mövsümi işlə təmin olunacaq.

Xəbər 521 dəfə oxundu.