Yasamal rayonunda ikiotaqlı evdə baş vermiş yanğın nəticəsində üç cəsəd aşkarlanıb
Bakının Yasamal rayonunda ümumi sahəsi 72 kvadratmetr olan birmərtəbəli ikiotaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, partlayış dalğasının təsirindən evin bayır tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində ev yanıb. Yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının cəsədləri aşkarlanıb. Bitişik evlər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər 980 dəfə oxundu.