Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi işləri yekunlaşır
Respublika əhəmiyyətli Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci kilometrindən ayrılan yerli əhəmiyyətli, uzunluğu 24,9 kilometr olan Quşçu-Çovdar-Çaykənd avtomobil yolu IV texniki dərəcəli olmaqla yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2 hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metr təşkil edir.
Tikinti layihəsinə uyğun olaraq, yolboyu 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin torpaq işləri bitən ərazilərdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür, çiyinlər optimal qum-qırmadaş qarışığı ilə bərkidilir. Bu işlər ümumilikdə 250 min kvadratmetr sahəni əhatə edəcək.
Avtomobil yolu üzərindəki mövcud 2 avtomobil körpüsündə təmir işlərinin aparılması, 2 düzbucaqlı su keçidinin inşası, zəruri 24 nöqtələrə 288 poqonmetr uzunluğunda yeni dairəvi suötürücü dəmir-beton boruların quraşdırılması, yolun təhlükəli hissələrində təhlükəsizliyi təmin etmək məqsədilə 2 kilometrdən çox əyrixətli tirlərin və dirəklərinin quraşdırılması və 8,3 kilometr uzunluğa malik küvetlərin təmizlənməsi də layihə üzrə görülən işlərin siyahısındadır.
Son mərhələdə isə 6 avtobus dayanacağının tikintisi, 208 yol nişanı və məlumatverici lövhələrin, 420 siqnal dirəklərinin, həmçinin 50 kilometr göstəricisinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
İşlərin yaxın müddətdə yekunlaşdırılması və avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır. Quşçu-Çovdar-Çaykənd yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.

Xəbər 97 dəfə oxundu.