Qurban bayramı günlərində fəaliyyət göstərəcək kəsim məntəqələri tam hazır vəziyyətə gətirilib
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı günlərində fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur keçirib. Ölkəmizin aparıcı media nümayəndələrinin iştirak etdiyi infoturun keçirilməsində məqsəd bayrama hazırlıqların gedişatı, həmin günlərdə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində görülən işlərlə əlaqədar jurnalistləri məlumatlandırmaqdan ibarət olub.
AZƏRTAC xəbər verir ki, infotur çərçivəsində jurnalistlər paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqələri ilə yaxından tanış olublar.
Qeyd edilib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Agentliyin mütəxəssislərinin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək.
İnfotur iştirakçıları məntəqəyə gətirilmiş xırda və iribuynuzlu heyvanların kəsimə qədərki saxlanma şəraiti, heyvanların kəsimi, soyulması, hissələrə ayrılması və saxlanılma şəraiti ilə yaxından tanış olublar.
Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytar müfəttişi Qalib Əbdüləliyev jurnalistləri məntəqənin iş prinsipi ilə tanış edib. O qeyd edib ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. Sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda, baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Yeni yaradılan kəsim məntəqələri də bu məqsədə xidmət edir.
Onun dediyinə görə, adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar tərəfindən bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçirilib. Demək olar ki, məntəqələr Qurban bayramı münasibətilə kəsiləcək heyvanları qəbul etməyə tam hazır vəziyyətə gətirilib.
30 saylı qida təhlükəsizliyinə nəzarət məntəqəsinin baytar həkimi Mədət Qocayev deyib: “Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Ona görə də həm sağlam, həm də kəsiləndən sonra kəsimə buraxılan heyvanın baş nahiyəsindən tutmuş daxili orqanlarına qədər baxış keçirilir. Yalnız hərtərəfli yoxlanılan və tam sağlam halda olan heyvanlar kəsimə göndərilir. Kəsiləndən sonra da laboratoriya şəraitində heyvanın ətinin biokimyəvi analizi aparılır”.
Çadırtipli heyvan kəsimi məntəqələrinin mobil heyvan kəsimi məntəqəsi sxemində olduğunu deyən baş dövlət baytar müfəttişi deyib: “Burada heyvanların kəsimi, təmizlənib hazırlanması, hazır məhsulun sifarişçiyə təhvil verilməsi üçün hər cür şərait yaradılıb. Məntəqədə laboratoriyalar da fəaliyyət göstərir”.
Onun verdiyi məlumata görə, heyvan tutumu məntəqənin yerləşdiyi ərazidən asılıdır. Ümumiyyətlə, 300 başdan 2000 başa qədər heyvan tutumu olan yerlər var. Xətai rayonundakı çadırtipli kəsim məntəqəsində eyni vaxtda 14-15 baş heyvanı kəsib soymaq mümkündür. Bakı şəhərində bu il 30 min baş qurban kəsiləcəyi təxmin edilir.
Paytaxtda və ölkəmizin bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri üç hissədən ibarət olacaq. Birinci hissədə heyvan kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi sanitariya-gigiyena tələblərinə uyğun şəkildə həyata keçiriləcək.
Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Qurbanlıq heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.
Kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları bayram günlərində vətəndaşlara ödənişsiz xidmət göstərəcək.
Mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadırtipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar dərhal ərazidən daşınacaq.

Xəbər 104 dəfə oxundu.