Yaponiyada sərnişin dronu sınaqdan keçirilib
Yaponiyanın "NEC" korporasiyası sərnişinlər üçün nəzərdə tutulmuş pilotsuz təyyarə prototipinin uçuş sınaqlarını keçirib. Qısa nümayiş uçuşu Tokionun ətrafında yerləşən sınaq poliqonunda keçirilib: təxminən 3 metr hündürlüyə qalxan "uçan avtomobil" 1 dəqiqə havada qalıb və sonra yerə enib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat təhlükəsizlik məqsədilə hər bir tərəfi hasarlanmış "qəfəs"də sınaqdan keçirilib, onun quyruq hissəsi isə burazla yerə bağlanıb. Bundan başqa, hava nəqliyyatının bortunda heç kim olmayıb.
"Yaponiya - əhalisi sıx məskunlaşmış ölkədir, bu səbəbdən uçan avtomobillər ictimai yollara düşən yükü xeyli azalda bilər" - "NEC" layihəsinin rəhbərlərindən biri olan Kudji Okada deyib.
Yaponiya hakimiyyətinin gözləntisinə görə, 2023-cü ilədək belə pilotsuz təyyarələr malların çatdırılması, sonralar isə sərnişin daşınması ilə məşğul olacaq. "NEC"-in tərəfdaşı olan "Cartivator" şirkəti 2026-cı ildə "uçan maşınlar"ın kütləvi istehsalına başlamağı planlaşdırır.

Xəbər 103 dəfə oxundu.